POS-terminal vasitəsilə nağdsız ödənişlərə sadələşdirilmiş vergi üzrə yeni yanaşma
2026-cı il yanvarın 1-dən etibarən əhaliyə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlərə sadələşdirilmiş vergi baxımından yeni yanaşma tətbiq edilir. Bu dəyişiklik həm vergitutma obyektinin müəyyən edilməsinə, həm də həmin obyektə tətbiq edilən vergi dərəcəsinə təsir göstərir.
Qanunvericilikdə nə deyilir?
Vergi Məcəlləsinin 218.1-1-ci maddəsinə əsasən, 218.1.1-ci və 218.1.2-ci maddələrə uyğun olaraq vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər əsasında formalaşan dövriyyə 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Digər tərəfdən, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsində müəyyən edilir ki, 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi vergitutma obyektinə 8 faiz dərəcə ilə hesablanır.
Lakin əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan vergitutma obyektinə 2026-cı il yanvarın 1-dən etibarən 3 il müddətinə 6 faiz dərəcə tətbiq edilir.
Burada vacib məqam ondan ibarətdir ki, nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir.
Əgər sahibkar əhaliyə xidmət göstərir və müştəri ödənişi POS-terminal vasitəsilə nağdsız şəkildə həyata keçirirsə, həmin POS dövriyyəsinin hamısı sadələşdirilmiş verginin hesablanmasında nəzərə alınmır.
POS vasitəsilə əldə olunan dövriyyəyə 0,5 əmsal tətbiq olunur.
Daha sonra həmin məbləğ üzrə 6 faiz sadələşdirilmiş vergi hesablanır.
Nümunə
Tutaq ki, xidmət göstərən sahibkarın bir ay ərzində:
- Nağd dövriyyəsi — 10 000 manat
- POS-terminal vasitəsilə nağdsız dövriyyəsi — 6 000 manat
olub.
POS dövriyyəsinə 0,5 əmsal tətbiq edilir:
6 000 × 0,5 = 3 000 manat
Beləliklə, 6 000 manatlıq POS dövriyyəsi vergitutma məqsədləri üçün 3 000 manat kimi nəzərə alınır.
Sonra 6 faiz vergi hesablanır:
3 000 × 6% = 180 manat
Yəni bu nümunədə POS vasitəsilə əldə edilmiş 6 000 manat dövriyyə üzrə hesablanan sadələşdirilmiş vergi 180 manat olur.