Vergi Məcəlləsinin 174.5-ci maddəsi – ƏDV üzrə 50 faiz güzəşt
Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövründə əhaliyə göstərdikləri xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi müəyyən edilmiş müddət ərzində onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır.
Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan vergi ödəyiciləri üçün bu güzəşt 1 yanvar 2024-cü ildən 3 il müddətinə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün isə 1 yanvar 2026-cı ildən 3 il müddətinə tətbiq edilir.
Burada əsas şərt odur ki, nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Müştəri POS-terminal ilə ödəyir → POS dövriyyəsinin 50 faizi ƏDV tutulan dövriyyədən çıxılır → həmin 50 faiz üzrə ƏDV hesablanmır.
Yəni sahibkarın POS vasitəsilə əldə etdiyi dövriyyənin yarısı ƏDV hesablanması zamanı güzəşt kimi nəzərə alınır.
Nümunə
Tutaq ki, bir restoranın ay ərzində ümumi dövriyyəsi 50 000 (ədv nəzərə alınmadan) manatdır.
Bu məbləğin:
- 10 000 manatı nağd ödənişdir;
- 40 000 manatı POS-terminal vasitəsilə nağdsız ödənişdir.
POS dövriyyəsinin 50 faizi:
40 000 × 50% = 20 000 manat
Deməli, 20 000 manat ƏDV tutulan ümumi dövriyyədən çıxılır.
Əgər digər göstəricilər nəzərə alınmadan sadə şəkildə hesablasaq:
Ümumi dövriyyə:
50 000 manat
Güzəşt:
20 000 manat
ƏDV-yə cəlb olunan dövriyyə:
50 000 − 20 000 = 30 000 manat
ƏDV:
30 000 × 18% = 5 400 manat
Beləliklə, POS ödənişləri üzrə tətbiq edilən 50 faizlik güzəşt sahibkarın ƏDV yükünün azalmasına səbəb olur.
Dövlət Vergi Xidmətinin açıqladığı nümunədə də 50 000 manatlıq aylıq iaşə dövriyyəsinin 40 000 manatı POS vasitəsilə olduqda bu dövriyyənin 20 000 manatlıq hissəsinin güzəşt kimi nəzərə alınması göstərilir.